Valideyinlər üçün məlumat

1. Uşağın ikidilli böyüdülməsi yaxşi fikirdirmi?

Uşağın ikidilli böyüdülməsi üçün bir çox əsaslı səbəblər var. Birinci və ən əsası şəxsi və ailə səbəbidir. Əgər ailənizin yaxın və uzaq üzvləri arasında digər dildə danışan şəxs varsa, o zaman uşağınızın həmin dili bilməsi hər kəs üçün xeyirli olar. Bu, xüsusilə də o hallarda yararlıdır ki, bəzi ailə üzvləri yalnız bir dil bilir və buna görə də uşağınızla ünsiyyətdən məhrum ola bilərlər.
İkidilli və ya çoxdillli olmağın faydaları sadəcə ailə çərçivəsində qalmır. Tədqiqatlar göstərir ki, iki və ya daha çox dil bilən uşaqların idrakı bir dil billən uşaqlarla müqayisədə daha yüksək olur. Məsələn, onlar aidiyyatı olmayan məsələləri diqqətdən kənar qoyub yalnız əlaqəli məsələ üzərində fikir cəmləşdirib problem həll etməkdə üstünlüyə malikdirlər. Hətta 60-70 yaşlı ikidillilərdə də bu cəhət müşahidə olunur.
Aydındır ki, uşağınız oxuma, yazma, kompyuterdə işləməni bildiyi zaman da ikidillli olmasının üstünlüyü olacaqdır. Bu gün nəşr olunan, elektron və digər mediada çox zəngin informasiya var. Bu informasiyaya çıxış əldə etmək imkanı çox dil bilən insanlarda daha geniş, bir dil bilənlərdə isə daha məhduddur. Əlbəttə, ingilis dili kimi dünyada ən geniş yayılmış ikinci dili bilmək çox vacibdir. Bu dil elm, siyasət, maliyyə və digər məsələlərdən bəhs olunarkən nəşr edilən, elektron və digər mediada, televiziyada, radioda geniş istifadə olunur. İngilis dilindən başqa hər hansı əlavə dil bilən insanların bu informasiyaya çıxış əldə etmə şansı daha çoxdur.
Nəhayət, əlavə dil bilməyin bir çox şəxsi faydaları da var. Beynəlxalq biznes və hökumət sahəsində iki və daha çox dil bilgisi tələb edən çoxsaylı işlər var. Beynəlxalq bazarlarda işləmək üçün beynəlxalq qurumların yaxşı təhsilli çox dil bilən əməkdaşlara ehtiyacı var. Hökumətlərin səfirliklərdə və dünyanın bir çox yerlərində hökumət dairələrində işləyə biləcək çox dil bilən şəxslərə ehtiyacı var. İqtisadiyyat və digər sektorlarda da ikidillilər üçün iş imkanları var. Əlavə dil bilən şəxslərin səyahət imkanları da daha çoxdur.

2. Uşaqlar üçün eyni zamanda iki dil öyrənmək normaldırmı?

Dünyada ikidilli böyüdülmüş uşaqların sayına əsasən demək olar ki, ikidilli böyüdülmək təkdilli olmaqdan daha "normal"dır. Hesablamalara görə iki və ya daha çox dil öyrənərək böyüdülən uşaqların sayı bir dil öyrənərək böyüdülən uşaqlardan çox ola bilər. Bundan başqa körpə beyninin sadəcə bir dil öyrənməyə yönəlməsinə dair də heç bir elmi əsas yoxdur. Körpələr və azyaşlı uşaqlara dair araşdırmalardan aydın olur ki, iki dil öyrənən uşaqların da qarşısına bir dil öyrənənlərin qarşılaşdığı problemlər çıxır. İki dil öyrənən uşaqlar da ilk sözlərini deməyə, çoxsözlü cümlələr qurmağa və s. eyni vaxtda başlayır. Əlbəttə, iki dil bilən və bir dil bilən uşaqlar arasında fərq var. Öyrənmə tapşırıqları ikidillilər üçün daha mürəkkəb olduğundan bu bəzən müvəqqəti ləngimələrə də səbəb olur. Məsələn, tədqiqatlar göstərir ki,15 aylıq iki dil öyrənən uşaq bir dil öyrənənə nisbətən eşitdiyi oxşar səsli yeni sözlərin mənimsənilməsində 2-3 ay ləngiyə bilər. Amma uzun müddətli dövrdə bu gecikmənin ikidilli uşaqların ümumi öyrənmə prosesinə təsiri əhəmiyyətsiz olur. Amma araşdırmalara görə bu hətta uşaqların xeyrinə olur. Belə ki, müxtəlif dillərdə müxtəlif səsli sözlər öyrənməli olan uşaqların beyni daha geniş imkanlara açıq olur.
İkidilli insanlar təkdillilərdən yetkin yaşlarında da fərqlənirlər. Onlar bəzən qəribə sözlər, cümlə quruluşları və s. istifadə edə bilərlər.

3. Evimizdə iki dil işlətməyimiz uşağımı çaşdırmayacaq ki?

Valideynlərin danışıq zamanı müxtəlif dillərdən olan sözlər işlətməsinin-kod qarışdırma və ya kod birləşdirmə- uşaqları çaşdırdığına dair heç bir sübüt yoxdur. Cəmiyyətdə və uşağın ailəsində eyni vaxtda bir dildən istifadə olunduqda uşaq da bu iki dildən düzgün istifadəni öyrənəcək. Tədqiqatlar göstərir ki, iki dil öyrənmənin başlanğıcında olan uşaqlar belə hətta yeni tanış olduqları şəxslərlə dildən necə düzgün istifadə etməli olduqlarını bilirlər. Əgər uşağın yaşadığı cəmiyyətdə və ailədə insanlar tez-tez eyni cümlədə müxtəlif dillərdən olan sözlər işlədirlərsə, o zaman uşaq da bu birləşmələri öyrənəcək. Onların cəmiyyətində qarışdırmalar faydalı olduğundan bunun mənası var. Əksinə həmin cəmiyyətdə dillərin bir-birindən ayrı tutulması adəti varsa, o zaman uşaq bunu da öyrənəcək.

4. Uşağım dilləri qarışdırırsa, narahat olmalıyammı?

Cümlədə və ya söhbətlərdə dillərin qarışdırılması tamamilə normaldır və bütün ikidillilər bunu edir, hətta yaşlılar da. Bu fenomen uşaqlarda da, yaşlılarda da öyrənilmişdir. Tədqiqat göstərir ki, ikidilli uşaqlar əksər hallarda dilləri ayırır. Adətən bu və ya digər dildəki lüğət çatışmazlıqlarını aradan qaldırmaq üçün dilləri qarışdırırlar. İkidilli uşaqlar nadir hallarda eyni sözü hər iki dildə bilirlər və buna görə də bir dildə danışarkən digər dildəki sözdən istifadə edirlər. Bəzən ikidilli uşaqlar hər iki dildə qarışdırmalardan istifadə edirlər. Çünki bəzi konseptlər vardır ki, onlar bir dildə daha yaxşı izah edilir, nəinki digərində. Əgər uşaq həmin mənanı və konsepti izah etmək istəyirsə, o zaman mütləq qarışdırmadan istifadə edəcək. Bu strategiya çox hallarda işləyir. Çünki ailə üzvləri əksər hallarda hər iki dili bilirlər. Yaşa dolduqca ikidillilər digər ikidillilərlə danışarkən öz kimliklərini göstərmək üçün də dillərin qarışdırılmasından istifadə edirlər. İkidilli yeniyetmələr və böyüklər eyni qrupa daxil olduqları üçün adətən digər ikidillilərlə yaxşı qarışırlar. Eynilə, bir dilin müəyyən dialektindən istifadə edən insanlar öz aralarında danışarkən mənsub olduqları kimliyi göstərmək üçün eyni dialekti istifadə edirlər. Qarışdırmaq uşağın çaşqınlıq içində olması demək deyil, sadəcə o bütün dil resurslarından istifadə edərək özünü ifadə etməyə çalışır.
Kodların qarışdırılmasına dair aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, uşaqlar dil qarışdırmasından istifadə edərkən əksər hallarda onların cümlələri qrammatik baxımdan düzgün olur. Məsələn, uşaq bir dildə danışarkən digər dildən hər hansı bir söz işlədərsə, bu zaman həmin sözü hər iki dilin qrammatikasına uyğun olaraq doğru yerdə yerləşdirir. Və ya bir cümlə arasında digər dilə keçid edirsə, bunu da hər iki dilin qrammatik normalarını pozmadan edir. Bu hal yaşlı ikidillilərdə də özünü göstərir.

5. Eyni zamanda iki və ya daha çox dilin öhdəsindən gəlməli olduğu üçün uşağımın dil öyrənməsində ləngimələr ola bilərmi?

Tədqiqatlar göstərir ki, əgər uşağa hər iki dilin öyrənilməsi üçün uyğun şərait yaradılıbsa, o zaman ikidillilərdə də əsas dönəmlər-danışmağa başlamaq, ilk sözlər, qrammatik inkişaf bir dil öyrənənlərlə eyni vaxtda başlayır. Tədqiqatlar göstərir ki, əgər uşaqlar hər iki dilin öyrənilməsinə bərabər zaman sərf edirlərsə, onların dil öyrənməsi eynən bir dil öyrənənlərdə olduğu kimi olur. Amma ikidilli uşağın hansısa dili öyrənmək imkanları məhdud olarsa, bu zaman ləngimələr və hətta yarımçıq inkişaf baş verə bilər. Məlumdur ki, iki dil öyrənən uşaqların eyni dilə bir dil öyrənənlər qədər çox zaman sərf etməsinə ehtiyac yoxdur. Buna baxmayaraq dilin yarımçıq inkişaf etməməsi üçün minimum ehtiyaclar ödənilməlidir. Minimum tələbatların nə olduğunu dəqiq söyləmək üçün elmi əsasımız yoxdur. Biz güman edirik ki, uşaq ümumi dil öyrənmə imkanının ən az 30%-ni bir dilin öyrənilməsinə yönəldərsə, ləngimə olmaz. Bundan az vaxt sərf etdikdə isə yarımçıqlıq özünü göstərə bilər.
Müşahidələr göstərir ki, uşaqlar hər iki dilə bərabər vaxt ayırsalar da, məktəbəqədərki mərhələdə ikidilli uşaqların söz ehtiyatı təkdillilərə nisbətən az olur. Bunu dilləri ayrı-ayrılıqda müqayisə etdikdə görmək olar. Amma ümumilikdə hansı dildə olmasından asılı olmayaraq hər iki uşağın söz ehtiyatı sayılsa, ikidillilərdə də təkdillilərdə olduğu qədər söz ehtiyatı tapmaq olar, və ya bir az da çox. Söz ehtiyatlarındakı bu ilkin fərq bir sıra faktorlarla bağlı ola bilər. Bu hansısa çatışmamazlığın əlaməti deyil. Məsələn, bütün uşaqların müəyyən məhdud yaddaş imkanı olduğu üçün başlanğıcda bütün uşaqların söz ehtiyatı az olur. İkidilli uşaqlar da bu məhdud yaddaşa hər iki dildən söz ehtiyatı yığmalı olduqları üçün ayrılıqda hər iki dildən təkdillilərə nisbətən daha az söz bilə bilərlər. Lakin ümumi saya baxdıqda hər iki uşaqda eyni sayda sözə rast gəlinir. İkidilli uşaqların söz ehtiyatındakı azlıq onların öyrənmə mühiti ilə də əlaqəli ola bilər. Əksər ikidillli uşaqların söz ehtiyatı tamamilə ekvivalent olmur. Çünki onlar dili ayrı-ayrı şəxslərdən və müxtəlif quruluşda öyrənirlər. Əgər bu insanlar-dil öyrədənlər- ayrı-ayrı mövzulardan danışırlarsa, o zaman uşaq da fərqli mövzulara dair söz ehtiyatı öyrənəcək. Bu da ikidilli insanlara yaşlandıqdan sonra da müəyyən problemlər yarada bilər.

6. Uşağımın qrammatikası zərər görəcəkmi?

Artıq gördüyümüz kimi uşağın hər iki dili öyrənməyə imkanları olduqdan sonra ikidillilər- də də qramamtik inkişafın müxtəlif mərhələlərindən keçid və inkişaf təkdillilərdə olduğu kimi olur. Onlar öyrəndiyi dillərin qrammatikasını da bir-biri ilə qarışdırmır və bir dildə danışarkən digərinin qaydalarından istifadə etmirlər. Hər iki dilin mənimsənilməsinə eyni şərait olmadıqda uşağın həmin dildə qrammatik inkişafı zəif ola bilər və bu zəifliyin görünməməsi üçün digər  dilin qrammatik normasından istifadə edə bilər. Bu hal adətən ikinci dili məktəbdə öyrənən uşaqlarda olur. Əlbəttə, uşaqların öyrəndikləri dilin qrammatikasının mürəkkəblik səviyyəsi ətraflarında insanların istifadə etdiyi dilin mürəkkəbliyindən asılı olur. Buna görə də yaxşı olar ki, valideynlər, müəllimlər və cəmiyyət üzvləri hər iki dildə mümkün qədər zəngin imkanlar tanısınlar.

7. Evdə bir valideyn, bir dil qaydasını istifadə etməliyikmi?

Adətən valideynlərə bildirilir ki, evdə bir valideyn, bir dil qaydasından istifadə etsinlər. Belə ki, bu halda uşaqda valideynləri eyni anda muxtəlif dillər işlətdiyindən çaşqınlıq yaranmayacaq. Bu qaydaya əməl olunmasının uşağın iki dili bir- birindən ayrı tutmasına kömək edəcəyinə dair heç bir sübut yoxdur. Bundan əvvəl də qeyd etdiyimiz kimi nə qədər ki uşağın həyatındakı insanların əksəriyyəti eyni dildən istifadə edir, uşaq da dilləri ayırmağı öyrənəcək. Bir valideyn, bir dil qaydasına riayət olunması uşağın hər iki dilə eyni miqdarda çıxış əldə edə bilməsi baxımından faydalı ola bilər. Əks halda bu bir dilə daha çox üstünlük verilməsinə səbəb ola bilər. Bir valideyn, bir dil qaydası bunun baş verməməsinə kömək olur.
Bəzi ailələrdə bu strategiya uğurlu olmaya bilər. Məsələn, uşağın öyrəndiyi dillərdən biri ailədən kənar heç kim tərəfidən danışılmırsa, o zaman yaxşı olar ki, valideynlər həmin dildən istifadə etsinlər. Bu uşağın həmin dili öyrənmə imkanına zəmanət olar. Əgər uşaqların getdiyi məktəbəqədər müəssisələrdə və ya qonşuluqlarında cəmiyyətdə əsas istifadə olunan dildə danışılırsa, o zaman onların bu dili öyrənmə imkanları da geniş olacaq. Ətrafdakı hər kəs bu dildə danışdığından nəticədə bu dildə tam səlis olacaqlar. Bu halda cəmiyyətdə geniş yayılmamış, azlıqların dilində danışan ailələrdə yaxşı olar ki, həmin dilə üstünlük verilsin.

8. Dil qüsuru olan uşaqlar üçün eyni zamanda iki dilin öyrənilməsi yaxşı fikirdirmi?

Dil qüsuru olan uşaqlar digərlərinə nisbətən söz ehtiyatını, qrammatikanı və danışığı daha gec öyrənən uşaqlardır. Bu uşaqların öyrənmə problemi yalnız dil öyrənməklə bağlı olar. Belə ki,  onlar heç bir nevroloji, sosial-emosional qüsurlara malik olmurlar və digər sahələrdə normal dərketməyə malik olurlar. Dil qüsuru olan uşaqlar məktəbdə dil tələbatlarının çox yüksək olması səbəbindən çox vaxt çətinliklə və ya tamamilə uğursuzluqla qarşılaşırlar. Belə qəbul edilib ki, dil qüsuru olan uşaqlar bir dil öyrənsinlər. Çünki iki dil öyrənilməsi onların dil öyrənmə qabiliyyətlərini aşar və daha böyük qüsurlara səbəb olar.
Bizdə ikidilli böyüdülmüş dil qüsurlu uşaqlara dair kifayət qədər araşdırma yoxdur. Amma əlimizdə olan araşdırma nəticələrinə görə dil qüsurlu uşaqlar da çətinliklərinə baxmayaraq dilləri öyrənə və iki dildən səlis istifadə edə bilərlər. Onların hər iki dildə qüsurları olsa da,ümumilikdə, təkdilli dil qüsurlu uşaqların üzləşdiyi qədər çətinliklərlə üzləşirlər. Eyni zamanda, onlar hər iki dildə səlisliyə nail olurlar. Hazırda dil qüsurlu uşaqların yalnız bir dil öyrənməli olduqlarına dair elmi sübutu olan təkliflər yoxdur. Dil qüsurlu uşaqların ikidilli böyüdülməsi o zaman vacib olur ki, yaşadığı cəmiyyətdə hər iki dil çox əhəmiyyətlidir və onlardan hər hansı birinin bilinməməsi uşağın cəmiyyət və ailə üzvləri ilə ünsiyyətini məhdudlaşdıra bilər.

9. Elə şərtlər varmıdır ki, o halda uşaqların ikidilli böyüdülməsi yaxşı fikri olmasın?

Valideynlər hər iki dilin öyrənilməsi üçün kifayət qədər yaxşı öyrənmə mühiti təmin edə bilməyəcəklərsə, o halda uşağın ikidilli böyüdülməsi yaxşı olmaz. Məsələn, ailədə əsas dil ingilis dilidirsə və valideynlər iş üçün hansısa digər dilin danışıldığı ölkəyə qısa müddətli səfər ediblərsə, o zaman uşağa həmin dilin öyrədilməsi yaxşı nəticə verməz. Çünki bunun üçün real mühit olmayacaq. Dili səlis öyrənmələri üçün uşaqların həmin dilə uzunmüddətli giriş imkanları olmalıdır.
İkidilli böyüdülmə ailənin tez-tez bir yerdən digərinə köçməsi və ya fərqli dildə danışan ailə üzvünün tezliklə ailəni tərk etməsi hallarında da yaxşı olmaya bilər. Azyaşlı uşaqlar adətən dil öyrənilməsində ardıcıllığın olmamasına mənfi reaksiya verirlər. Deməli, valideynlər hər iki dilə geniş və davamlı çıxış imkanları təmin etdikləri halda uşağı ikidilli böyüdə bilərlər.
Valideynlərdən biri və ya uşaq baxıcısı dillərin hər ikisində səlis danışa bilmədikdə də uşağa iki dilin öyrədilməsi yaxşı olmaz. Bu halda uşağın dili yaxşı öyrənməsi üçün valideynlər onu kifayət qədər şəraitlə təmin edə bilməyəcəklər. Amma uşaqla həftə ərzində xeyli vaxt keçirə biləcək uşaq baxıcısı həmin dili bilərsə, o zaman problem bir o qdər ciddi sayılmaz.
Bir sözlə, davamlı şərait olmayacaqsa və ya sizin dil məhdudiyyətiniz varsa, uşağın ikidilli böyüdülməsi yaxşı olmaz. Bu xəbərdarlıq ikinci dilin uzun müddət təlimat dili kimi istifadə olunacağı ikidilli proqramlara aid deyil. Əksinə, o proqramlar uşağınızın ikidilli böyüdülməsi üçün çox faydalı ola bilər.

10. Uşağımın hər iki dili tamamilə öyrənməsini təmin etmək üçün nə etməliyəm?

Artıq gördüyümüz kimi, uşaqlıqdan iki dilin öyrənilməsi bir dil öyrənilməsi kimi təbiidir. Azyaşlı uşaqların iki dili də əla mənimsəmək qabiliyyətləri var. Bununla yanaşı, o da həqiqətdir ki, uşağın bu dilləri mükəmməl öyrənmə səviyyələri və dərəcələri dil öyrənmə mühitindən də aslıdır. Hər iki dili səlis mənimsəmələri üçün uşaqların onlara ardıcıl, davamlı və geniş çıxış imkanları olmalıdır. Valideyn mümkün olan hər addımı atmalıdır ki, uşaqların gün ərzində hər iki dilə davamlı, ardıcıl çıxış imkanı olsun. Aktiv imkan sadəcə uşaqların başqaları tərəfindən hər iki dildə danışılmasını dinləmək deyil, həm də özlərinin hər iki dildə danışmaq imkanlarıdır. Dilə passiv çıxışı olan uşaq sadəcə başqalarının danışığını dinlədiyi, televizorda eşitdiyi və s. üçün dili tam mənimsəyə bilməyəcək. Əgər uşaqlar hər iki dildə səlis özünüifadəni bacarmalıdırlarsa, o zaman bu dilləri bilən şəxslərlə aktiv münasibətdə olmalıdırlar.

Fred Genesee, McGill University

Yuxarıdakı məlumatları İngilis dilində əldə etmək üçün aşağıdakı linkə daxil olun:

A short guide to raising children bilingually

1